
"Yuventus" Qattini, "Milan" isə... - oyunçu mübadiləsi
“Milan” və “Yuventus” oyunçu mübadiləsini icarə əsasında həyata keçirə bilərlər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, milanlıların yarımmüdafiəçisi Ruben Loftus-Çik “Yuventus”a, turinlilərin müdafiəçisi Federiko Qatti isə “Milan”a keçə bilər.
Bu razılaşma mövsümün sonunadək nəzərdə tutulan iki icarə müqaviləsini ehtiva edir. Bildirilir ki, hər iki klub, futbolçular və məşqçilər bu variantı ciddi şəkildə nəzərdən keçirirlər.
“Yuventus”un baş məşqçisi Luçano Spalletti Loftus-Çiki uzun müddətdir yüksək qiymətləndirir. Mauritsio Sarri də Rubeni vaxtilə “Latsio”ya dəvət etmək istəyib. İngilis futbolçu özü Sarri ilə yenidən bir araya gəlməyə müsbət yanaşır, çünki onlar “Çelsi”də birgə çalışıblar, lakin hesab olunur ki, Romaya keçid onun üçün cəlbedici deyil. Bununla belə, o, yayda dünya çempionatına düşmək istədiyi üçün daha çox oyun vaxtı almağa can atır.
Federiko Qatti isə artıq “Yuventus”da əsas heyət üzvü statusuna malik deyil. O, hazırda dekabrın əvvəlində əməliyyat olunmasına səbəb olan menisk zədəsindən sonra bərpa mərhələsindədir. Bu səbəbdən Spallettinin seçimi əsasən digər müdafiəçilərin üzərinə düşür. Eyni zamanda Qatti də mart ayında İtaliyanın dünya çempionatı üçün seçmə oyunlarında iştirak etmək istəyir.
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri müdafiə xəttini gücləndirmək üçün Qattini heyətə qatmaq niyyətindədir. Onlar daha əvvəl “Yuventus”da birgə çalışıblar. Bir neçə gün əvvəl “rossoneri” artıq bu transferi reallaşdırmağa cəhd göstərsə də, turinlilər müdafiəçi Koni de Vinterlə mübadilə variantına razılıq verməyiblər.



