
Azərbaycan klubu sponsorunu məhkəməyə verdi
Azərbaycan II Liqasında çıxış edən “Şəki Siti” klubu sponsoru “Flyblast”ı məhkəməyə verib.
Sportal.az "Futbolinfo.az"a istinadən xəbər verir ki, buna səbəb sponsorun maliyyə öhdəliklərini yerinə yetirməməsi olub.
Klubun lisenziyalaşdırma üzrə meneceri İlham Cəfərli açıqlamasında faktı təsdiqləyib: “Bəli, biz sponsoru məhkəməyə vermişik. Üzərlərinə götürdükləri öhdəliklərin heç birini yerinə yetirmədilər. Komandanın maaşları vaxtında ödənilmədi. 6 aylıq müqaviləmiz var idi və hər ay 40 min manat köçürülməli idi. Amma hesaba bir qəpik də daxil olmayıb. Hazırda 240 min manatlıq borcun ödənilməsini tələb edirik. Bu vəziyyət klubun imicinə zərbə vurub”.
Klub rəsmisi bildirib ki, maliyyə problemləri səbəbindən komandanın 18-dən çox futbolçusu ilə yollar ayrılıb və köhnə komandadan yalnız 6 oyunçu qalıb: “Dekabrda maaşlar ödənilmədiyi üçün komanda bir oyuna çıxmadı və bu səbəbdən risk altındayıq. Daha bir oyuna çıxmamaq çempionatdan kənarlaşdırılmaq deməkdir. Düzdür, belə ehtimal böyük deyil, amma futbolda hər şey mümkündür. Hazırda klubda beş nəfər şəkili və əsasən gənclər çıxış edir. Çünki komandanın aylıq 80 min manat xərci vardı. Birinci məhkəmə iclası keçirilib, lakin qarşı tərəf iştirak etməyib. Növbəti iclas aprelin 8-də keçiriləcək”.
O, hazırda maliyyə çətinliklərini aradan qaldırmaq üçün forma satışına start verdiklərini əlavə edib.
Qeyd edək ki, “Şəki Siti” 19 turdan sonra 30 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.



