
"İmişli" və "Karvan-Yevlax"ın 500 min manatı hara xərcləməsi araşdırılmalıdır - Rövşən Nəcəfin çağırışına cavab
Mətbuat qarşısına çıxan AFFA prezidenti Rövşən Nəcəf media nümayəndələrinin suallarını cavablandırıb. Həmkarlarımı maraqlandıran mövzulardan biri də, uşaq futbolu üçün klublara ayrılan 500 min manat vəsaitlə bağll olub. Federasiya tərəfindən həmin maliyyənin xərclənməsinə nəzarət mexanizminin olub-olmamasına dair sualı cavablandıran Rövşən Nəcəf mətbuata çağırış edib. AFFA prezidenti deyib ki, klubların bu pulu düzgün istifadə etməməsiylə bağlı məlumat varsa, bunu federasiyaya bildirsinlər.
Elə bu çağırışı əsas tutaraq fikirlərimizi Rövşən bəylə paylaşmaq qərarına gəldik. Hamının bildiyi kimi klublara uşaq futbolu üçün illik 500 min manat ayrılır. Bu pulun 50 mini qadın futbolu üçün nəzərdə tutulub, qalanı da akademiyaya.
O da məlumdur ki, "İmişli" və "Karvan-Yevlax" klublarına U-16, U-17, U-19 və əvəzedici komandaların liqada iştirak etməməsinə icazə verilib. Federasiya bu iki kluba bir il möhlət tanıyıb. O da məlumdur ki, uşaq futbolunda ən çox xərc aparan komandalar məhz adıçəkilən 4 yaş qrupudur. Çünki bu komandalar mövsümboyu səfərlər edir, U-19 və əvəzedicilərdə peşəkar müqaviləli oyunçular olduğundan onlara maaşlar paylanır və s. Yerdə qalan kiçik yaş qrupları regional yarışlarda iştirak etdikləri üçün bu komandaların illik xərci 100-150 min manatdan çox tutmur. Sual yaranır, ortada qalan 300-350 min manatı "İmişli" və "Karvan-Yevlax" hara xərcləyib?
Əslində, bu pulun aqibətini heç bir sənədlə ört-basdır etmək mümkün deyil. Audit aparılsa, hər şeyə aydınlıq gələcək. Məsələn, "İmişli" 450 min manatı kiçik yaş qruplarının harasına xərcləyə bilər ki? Hətta ən bahalı ekipirovka alınsa, uşaq məşqçilərinə aylıq 5 min manat maaş verilsə də, bu məbləğ tam xərclənməyəcək.
Rövşən bəy savadlı, hesab-kitabdan bilən adamdır. Niyyəti olsa, bu məsələnin axırına çıxa bilər. Çağırış elədi, biz də cavabını verdik. Pulu ayırmaqla iş bitmir, ona nəzarət etmək də lazımdır. Ümid edirəm ki, boşuna yazmadıq, bir nəticəsi olar.
Emin Abbasov



