
"Heç-heçə ədalətli nəticədir" - millimizin baş məşqçisi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Rəşad Eyyubov matçdan sonra AFFA-nın mətbuat xidmətinə oyun barədə fikirlərini bildirib:
“Komandamız bu matçda daha fəal çıxış etdi. Futbolçular bu gün nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirdilər. Onlar nə rəqibdən, nə də stadiondakı atmosferdən çəkindilər. Birinci hissədə çox yaxşı çıxış etdik və topa nəzarət əsasən bizdə idi. Fasilədən sonra rəqibin təzyiqi artdı ki, bu da təbii haldır. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Hər iki komandanın təhlükəli epizodları oldu. Ümumilikdə komandamın çıxışında müsbət məqamlar gördüm. Belə təməllə gələcəyə pozitiv baxa bilərik”.
Qeyd edək ki, U-21 qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.



