
Gürcüstanın Gəncədəki baş konsulu "Kəpəz"in qonağı oldu - FOTOLAR
Gürcüstan Respublikasının Gəncə şəhərindəki Baş konsulu Kaxaber Abdaladze və konsulluğun inzibati meneceri Malxaz Xulordava “Kəpəz” PFK-nın qonağı olub.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, akademiyada keçirilən görüşdə "Kəpəz" PFK-nın İdarə Heyətinin üzvü Fərman Əlizadə, icraçı direktor Ruslan Məmmədov, seleksiya üzrə məşqçi Əli Rəhimov, komandanın baş məşqçisi Azər Bağırov, gürcüstanlı futbolçu Mate Abuladze, həmçinin “PatriotNews.az” saytının rəhbəri və “Qarabağ Qaziləri” İctimai Birliyinin Gəncə şəhər filialının sədr müavini Ceyhun Əliyev iştirak ediblər.
Qonaqlara klubun bazası, Akademiyanın fəaliyyəti və son dövrlərdə infrastruktur sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Görüşün sonunda “Kəpəz” PFK-nın İdarə Heyətinin üzvü Fərman Əlizadə tərəfindən baş konsul Kaxaber Abdaladzeyə klubun forması hədiyyə olunub. Həmçinin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış futbolçu İlqar Burcəliyevin əziz xatirəsinə həsr olunan Anar Burcəliyevin müəllifi olduğu “Qayıtmayan igidim, zəfərimin İlqarı” kitabı da baş konsula təqdim edilib.
Sonda tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, idman və futbol sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.



