
"Çox utanıram, özümü buna layiq görməsəm də, bu reallıqdır, bunu yaşamaq məcburiyyətindəyəm" - "Qarabağ"a 0:7 hesablı məğlubiyyəti şərh etdi
"Karvan-Yevlax"ın kapitanı Vadim Abdullayev Sportal.az saytına müsahibə verib.
- "Karvan-Yevlax” "Qarabağ"la görüşdə 0:7 hesabı ilə məğlub oldu. Hamı ehtimal edirdi ki, "Qarabağ" qalib gələcək, amma bu hesab çox ağır olmadı? Özünüz matçdan əvvəl nə düşünürdüz, ən azından bir xala inanırdınız?
- Hər komanda hər zaman ən azından bir xala həmişə ümid edir. Bu, onun statusundan, səviyyəsindən asılı olmayaraq belədir. Bizim şansımız onda ola bilərdi ki, əzmkar oynayıb, daha çox qaçıb, rəqibə mane olaq. Bu komponentdə əskik qalsaydıq, nəticə baxımından nədənsə danışmaq mənasız idi. Çox üzücü nəticədir, biabırçılıqdır. Həyatımda ilk dəfədir ki, belə halla üzləşirdim.
- "Karvan-Yevlax"ın hazırkı durumunu necə şərh etmək olar? Səncə, komanda niyə bu durumdadır?
- Şərh vermək də ağırdır. Bütün futbol ictimaiyyətinə hər şey aydın və açıqdır. Mənim bir təsəllim var ki, işimi vicdanla, axıra kimi görüb, ən azından özümə, ailəmə, işimə qarşı dürüst olum. Bu, məni təsəlli edən məsələdir.
- Komandanız sonuncu pillədədir, üstəlik bu cür məğlubiyyətlə üzləşdiniz. Kollektiv psixolji cəhətdən lap pis duruma düşə bilər? Vəziyyəti qəbullanmısız?
- Bundan sonra nəyisə arzulamaq, nəyisə iddia etmək gülünc olar. Biz sadəcə meydana çıxıb peşəkarlar kimi işimizi görməliyik. Ailəmizə “çörək pulu” aparırıq. Mənim kimi xarakterli insanın bu cür müsahibə verməsinin özü də psixoloji vəziyyətin nə yerdə olduğunu göstərir.
- Bəs bundan sonrakı matçlara hansı motivasiya ilə çıxacaqsız? Riyazi olaraq Premyer Liqada qalmaq şansınız var. Lakin bunun mümkünsüz olduğunu düşünürsüz?
- Biz 26 tura cəmi 8 xal toplamışıq. Mən nədən danışım, hansı riyazi məsələdən söhbət gedə bilər k? Düzü, mən öz adıma çox utanıram, özümü buna layiq görməsəm də, bu reallıqdır, bununla yaşamaq məcburiyyətindəyəm. Allah sonda haqqımızda ən xeyirlisini nəsib etsin.
- Növbəti turda “Kəpəz”lə qarşılacaqsız. Matç haqda nə düşünürsən?
- “Kəpəz”lə oyunda ən azından azarkeşlərə görə oynamalıyıq. Onlar bu il hər oyuna gələrək əziyyət çəkib, bizi dəstəklədilər. Həm də, ağır məğlubiyyət almışıq. Tez bir zamanda bunu unutdurmalıyıq.
Mirbağırağa



