Bir parça çörəyə görə vəzifəsindən bərk-bərk yapışmayan italyanlar -    bizdə nə könüllü gedəni var, nə də danışanı...

Bir parça çörəyə görə vəzifəsindən bərk-bərk yapışmayan italyanlar - bizdə nə könüllü gedəni var, nə də danışanı...

 
0

İtaliya millisi ardıcıl 3-cü dəfə dünya çempionatından kənarda qaldı. Bu uğursuzluqdan sonra həm federasiya rəhbərliyi, həm baş məşqçi, həm də ölkə futbolunda məsul vəzifə tutan digər şəxslər istefaya yollandılar.

Daha çox Buffonun ayrılığı diqqət çəkdi. Uzun illər qurtarışlarıyla milyonların ürəyini fəth eləyən Buffon yığmanın nümayəndə heyətinin rəhbəri kimi uğursuzluqdan öz payını götürüb getdi. Onun kimi nəhəng ada yaraşan gediş oldu.

Əslində, bundan təsirli vidalar da olub İtaliya futbolunda. Məsələn, 2010-cu il dünya çempionatından sonra gələcək uğursuzluqları ehtimal edən federasiya rəhbərliyi texniki direktor vəzifəsinə Roberto Bacconu dəvət edir. Bir il boyunca İtaliya futbolunun problemlərini araşdıran Bacco 900 səhifəlik inkişaf planı hazırlayıb rəhbərliyin masasına qoyur. "Bacco planı" adı alan sənəddə bölgələrdə futbolun inkişafından tutmuş, istedadların tapılıb üzə çıxarılmasına qədər hər şey əksini tapır.

Lakin İtaliya Futbol Federasiyası belə bir layihəni həyata keçirmək üçün tələb edilən vəsaitin olmadığını deyir. Sizcə, Bacco nə edir? Yox, vəzifəsindən bərk-bərk yapışmır. Üzünü çevirib, gedir. Hətta açıqlamasında da federasiyada boş-boş oturub maaş almağı özünə sığışdırmadığını söyləyir.

Böyük futbol ölkələrində belə nümunələr çoxdur. Bizdə təəssüf ki az... Kimsə haqlı olaraq düşünə bilər ki, Buffon da, Bacco da milyonçu adamlardı. Bundan sonra hətta ömürlərinin sonuna qədər işləməsələr belə, yenə də "yağ-bal" içində yaşayacaqlar. Lakin bizdə də qocalığını təmin edən futbol adamları az deyil. Buna baxmayaraq, uğursuzluqlardan sonra nə könüllü gedəni var, nə də danışanı. Ən yaxşı halda hakim ədalətsizliyi, uşaq futbolunda problemlərin olması və s. mövzularda fikir bildirirlər. Son illərdə İstisna kimi Nazim Süleymanovun adını çəkmək olar(dı). Amma onun da etiraz yolu çox uzanmadı.

Fikrət

PaylaşPaylaş

Şərhlər yüklənir...