
"Sabah"a məxsus olan futbolçu: "Sumqayıt"dan ayrılan zaman "Karvan-Yevlax"a keçəcəyimi bilirdim"
"Karvan-Yevlax"ın futbolçusu Rauf Rüstəmli Sportal.az saytına müsahibə verib.
- "Sabah"a qarşı görüş sizin üçün necə alındı? Səncə, bu matçda məğlubiyyətinizə əsas səbəb nə idi?
- Əslində, hamımız oyuna yaxşı hazırlaşmışdıq. Matçın çətin keçəcəyini də yaxşı başa düşürdük. Qış fasiləsindən sonra birinci oyunumuz idi. Məğlubiyyətini unudub, qarşıdakı matçlara hazırlaşacağıq.
- Erkən qollar buraxmağınızın səbəbi həyəcan idi, yoxsa "Sabah"ın təzyiqinin altından çıxa bilmədiz?
- Həyəcan deməzdim. Sadəcə rəqibin ustalığı, təzyiqi bizi səhvlərə məcbur etdi. Ancaq qarşıdakı matçlarda bu səhvləri aradan qaldıracağıq. İşləyirik.
- Müqavilə ilə məxsus olduğun komandaya qarşı oynayırdın. Bu görüş özün üçün necə alındı? Meydana daxil olanda deyəsən "Sabah" oyunçuları səni xoş qarşıladı və kiməsə baxıb gülürdün?
- Oyuna daxil olanda komandam üçün ən yaxşısını etməyə çalışdım. "Sabah"dakı futbolçularla yaxşı əlaqəm var və sadəcə onlarla bir-birimizi görüb, gülümsədik. Onlara da uğurlar arzulayıram.
- Maraqlıdır, qışda "Sabah"da qala bilməzdin? Yoxsa daha çox oynamaq üçün oradan ayrıldın, ola bilər ki, Valdas Dambrauskas səni istəmədi?
- Əslində, "Sumqayıt"dan ayrılan zaman "Karvan-Yevlax"a keçəcəyimi bilirdim. Bu addımı daha çox oynamaq üçün atdım. Allah qoysa, uğurlu olar.
- "Karvan-Yevlax" hazırda I Liqaya düşə biləcək əsas namizəd hesab edilir. Səncə, komanda bunun qarşısını necə alacaq? Çünki komanda demək olar ki, stabil olaraq uduzur..
- Qarşıda hələ çox oyun var. Düzdür, hazırda turnir cədvəlində sonuncu pillədəyik. Lakin bu vəziyyətdən çıxa bilərik. İnanıram ki, turnir cədvəlinin sonuncu pilləsindən çıxacağıq.
- Komanda bu gün mövsümün ilk yarısında formasını geyindiyin "Sumqayıt"la qarşılaşacaq. Onları məğlub etmək mümkün olacaq?
- "Sabah"la görüşdən sonra həftəboyu bu oyuna hazırlaşmışıq. Öz evimizdə, azarkeşlərimizin qarşısında oynayacağıq. Komandamın bu oyuna hazır olduğunu düşünürəm. Hər halda, qalibiyyət üçün ən yaxşısını edəcəyik. Allah qoysa, qələbəni qazanarıq.
Mirbağırağa



