“Qarabağ"la “Azərxalça” arasında anlaşma memorandumu imzalandı -    FOTOLAR

“Qarabağ"la “Azərxalça” arasında anlaşma memorandumu imzalandı - FOTOLAR

 
0

“Qarabağ" Futbol Klubu ilə “Azərxalça” ASC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sportal.az xəbər verir ki, İçərişəhərdə yerləşən satış və sərgi salonunda keçirilən tədbirdə sənədi "Qarabağ" FK-nın prezidenti Tahir Gözel və “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov imzalayıb.

Memoranduma əsasən, tərəflər "Qarabağ" FK-nın brend dəyərlərini, Qarabağ atlarını və milli ornamentləri əks etdirən limitli xalça kolleksiyalarının hazırlanması, istehsalı və satışı istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda, məhsulların beynəlxalq bazarlara çıxarılması və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Çıxışlar zamanı tərəflər bu əməkdaşlığın xalçaçılıq sənətinin inkişafına, milli irsin qorunmasına və Qarabağ həqiqətlərinin beynəlxalq səviyyədə təbliğinə töhfə verəcəyini bildiriblər.

"Qarabağ" Futbol Klubunun prezidenti Tahir Gözel tərəfdaşlığın hər iki tərəf üçün uğurlu olacağını bildiirib: "Qarabağ" Futbol Klubu ilə "Azərxalça” ASC arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması bizim üçün yalnız bir tərəfdaşlıq deyil, həm də dəyərlərin, ənənələrin və milli kimliyimizin bir araya gəlməsidir. İnanıram ki, bu əməkdaşlıq nəticəsində ortaya çıxacaq kolleksiyalar sadəcə bir məhsul olmayacaq, onlar Qarabağın ruhunu dünyaya çatdıran mədəni mesaj olacaq. Bizim üçün çox önəmlidir ki, "Qarabağ" Futbol Klubunun brend dəyərləri yalnız stadionlarla məhdudlaşmasın. Bu baxımdan “Azərxalça” ilə başladığımız bu yolun uzunmüddətli və uğurlu olacağına tam əminəm",-deyə Tahir Gözel bildirib.

“Azərxalça” ASC sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov da faydalı və ikitərəfli əməkdaşlığın qurulmasından məmnunluq hissi duyduğunu söyləyib.

“Azərxalça” ASC həm ölkə daxili, həm ölkə xaricində baş tutan bütün tədbir və sərgilərdə Qarabağ xalçaçılıq tarixi, xalçaları və ümumilikdə mədəniyyətini təbliğ edir. "Qarabağ Futbol Kulubu da Qarabağ adını və bu bölgənin həqiqətlərini beynəlxalq səviyyədə futbol vasitəsilə mütəmadi olaraq təbliğ edir. "Qarabağ" FK-nın Azərbaycan futbolu üçün etdikləri həm yerli çempionatın səviyyəsinin yüksəlməsinə, həm də ölkə futbolunun beynəlxalq arenada tanınmasına birbaşa xidmət edir”,- deyə Emin Məmmdov bidlirib.

"Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov çıxışı zamanı “Azərxalça” ilə imzalanan memorandumun əhəmiyyətini xüsusi vurğulayıb.

“Bu əməkdaşlıq milli dəyərlərin qorunması və təbliği baxımından mühüm addımdır. Futbolun geniş auditoriyasını nəzərə alsaq, belə layihələr Qarabağ adının və Azərbaycan mədəniyyətinin daha geniş coğrafiyada tanıdılmasına əlavə töhfə verəcək”.

Memorandumun imzalandıqdan sonra tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

PaylaşPaylaş

Şərhlər yüklənir...