MOİK-i U-19 millisinin baza klubuna çevirmək olar -    biabırçı Litva məğlubiyyətindən sonra hərəkətə keçmək lazımdır

MOİK-i U-19 millisinin baza klubuna çevirmək olar - biabırçı Litva məğlubiyyətindən sonra hərəkətə keçmək lazımdır

 
0

AFFA-da rəhbər dəyişikliyindən 2 il keçməsinə baxmayaraq, bu zaman kəsiyi daha çox durğunluqla yadda qalıb. Pozitiv məqamlar da olub. Məsələn, milli komandanın başına yerli mütəxəssis gətirilib, federasiyanın özündə müəyyən kadr islahatları aparılıb. Amma futbolun birbaşa inkişafı istiqamətində ciddi addımlar atılmayıb.

Hamı ən böyük problemin uşaq futboluyla bağlı olduğunu deyir. Elədir, lakin ondan da vacib sıxıntılar infrastrukturla əlaqəlidir. Uşaqların məşq eləməyə, futbol oynamağa yeri yoxdursa, inkişafa ümid etmək sadəlövhlükdür. Nə qədər xaricdən məşqçilər gətirilsə də, kadr islahatları aparılsa da, infrastruktur olmadan ciddi nətiəcələrə varmaq mümkün deyil.

Amma bu da o demək deyil ki, əlimizi-qolumuzu sallayıb, 4-5 il də infrastrukturun qurulmasını gözləməliyik. Mövcud imkanlar daxilində də hərəkət etmək vacibdir. İlk növbədə aşağı yaş qrupları üzrə yığmalarımızla bağlı nəsə düşünmək gərəkdir.

Məsələn, Avropa çempionatının təsnifat mərhələsində çıxış edən U-19 yığmamız! Litvaya 0:4 hesabıyla məğlub olublar. Bundan xəbəri olmayanlar çaşqınlıq yaşayacaq, bilirəm. Amma doğru gördüz, Litvaya... Bu nə Fransa, nə İspaniya, nə də Avropanın bir başqa böyük futbol ölkəsindən olan rəqibdir. Futbolumuz o qədər aşağılara yuvarlanıb ki, 19 yaşlılarımız hətta Litvanın qarşısında boynubükük vəziyyətdə meydanı tərk edir.

Əslində, belə təkliflə çıxış etməyimiz ilk deyil. Amma hər dəfə qulaqardına vurulur dediklərimiz. Bəylər, nəsə etmək lazımdır. Hal-hazırda I Liqada çıxış edən MOİK-in baş məşqçisi, həm də U-19 yığmamızı çalışdıran İlham Yadullayevdir. Məhz bu nöqtədən yola çıxsaq, MOİK-i U-19 millisinin baza klubuna çevirmək ideyası barədə düşünmək olar. Yadullayev hamını da olmasa, 14-15 milli üzvünü çalışdığı kluba cəlb etməklə yığmanın onurğa sütununu formalaşdıra bilər. Bu uşaqların ilboyu bir yerdə məşq edib, oyunlara çıxması U-19 millisi üçün də effektiv olacaq.

MOİK həm də milli üzvlərinin həqiqi hərbi xidmət keçməsi üçün də əlverişli variantdır. Bu məsələdə AFFA-nın dəstəyi və təşəbbüsü çox vacibdir. Milli üzvlərinin lap icarə əsasında MOİK-ə verilməsi və s. təşkilati məsələlərdə federasiya yardımçı olacağı halda U-19 növbəti seçmə mərhələdə daha yaxşı çıxış edə bilər. Bu, problemin kökdən həlli olmasa da, ən azından indikindən daha səmərəli və faydalıdır. Durğunluğa son qoyub, əməli fəaliyyətə keçmək vaxtıdır. Əslində, gecikirik. Amma haradansa başlamaq lazımdır.

Emin Abbasov

PaylaşPaylaş

Şərhlər yüklənir...