
"Mançester Yunayted"dən Kasemiro qərarı - komandada qalacaq?
"Mançester Yunayted" mövsümün sonunda Kasemiro ilə yollarını ayırmaq qərarını dəyişməyi planlaşdırmır.
Sportal.az xəbər verir ki, 34 yaşlı braziliyalı yarımmüdafiəçi yanvarda müqaviləsinin müddəti başa çatdıqdan sonra komandadan ayrılacağını açıqlamışdı.
Klubun ortaq sahibi Cim Ratcliff daha əvvəl Kasemironun illik 18,2 milyon funt-sterlinq maaşına təəccübləndiyini bildirmiş və klubun xərclərini azaltmaq niyyətində olduğunu demişdi. Məhz buna görə də klub rəhbərliyi müqavilənin uzadılması opsiyasını aktivləşdirməmək qərarını əvvəlcədən qəbul edib, məqsəd heyətin uzunmüddətli yenidən qurulmasını davam etdirməkdir.
Buna baxmayaraq, son dövrlərdə Kasemiro uğurlu çıxışları ilə diqqət çəkib. O, bazar günü "Aston Villa" ilə oyunda (3:1) mövsümdə 7-ci qolunu vurub, bunların 6-sı baş zərbəsi ilə qeydə alınıb.
Qoldan sonra futbolçu Old Trafford tribunalarına tərəf qaçaraq köynəyindəki klub emblemini göstərib. Azarkeşlər isə buna cavab olaraq “Bir il də qal, Kasemiro” şüarını səsləndiriblər və oyundan sonra da bu mahnını təkrarlayıblar. Komandanın kapitanı Bruno Fernandes və müdafiəçi Leni Yoro də oyundan sonra onun klubda qalacağına ümid etdiklərini bildiriblər.
Lakin "BBC Sport"un məlumatına görə, klub rəhbərliyi futbolçu ilə ayrılmaq qərarını yenidən nəzərdən keçirməyi planlaşdırmır.



