
"İslandiyaya qol vursaydıq, davamı gələcəkdi" - MÜSAHİBƏ
Azərbaycan millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsinin İslandiya ilə (0:2) oyununda debüt edən Rüfət Abbasov Sportal.az saytına müsahibə verib.
- Azərbaycan millisi İslandiya ilə görüşdə məğlub oldu. Bu matçda milli daha yaxşı nəticə qazana bilərdi? Nə çatmadı ki, xal qazanasınız?
- Çətin oyun olacağını yaxşı bilirdik. İslandiya qrupdan çıxmaq üçün Bakıya qalibiyyət üçün gəlmişdi. Onlar üçün də son şans idi. Biz də istəyirdik ki, xal və ya xallar qazanaq. Çətin oyun keçdi, qol epizodlarımız da var idi. Təssüflər olsun ki, alınmadı.
- Yaradılan qol epizodlarından hansısa qol olsaydı, geri dönüş mümkün idi?
- Təbii ki, qol vursaydıq, davamı gələcəkdi. Əslində, az epizod yaratmadıq. Sadəcə son anda onları reallaşdırmaq mümkün olmadı.
- Bu görüş özün üçün debüt matçı oldu. Hansısa həyəcan və ya narahatlıq var idi, yoxsa rahat idin?
- Təbii ki, oyundan öncə həyəcan var idi. Milli komandanın formasını geyinmək hər kəsin arzusudur. Şükür Allaha, mənə qismət oldu. Lakin İslandiya ilə görüş başlayandan sonra özümü tam rahat hiss edirdim. Öz üzərimdə çalışacam ki, növbəti görüşlərdə də şans qazanım.
- İslandiya ilə oyunda hücumlara yaxşı qoşulurdun. Hətta əla vurduğun təhlükəli zərbəni island qolkiper dəf etdi. Yəqin ki, həmin anda topun qapıya daxil olacağını gözləyirdin....
- Həmin an gördüm ki, qarşım boşdu və qapıya zərbə vurdum. Bəli, təhlükəli də epizod yarandı. Sadəcə rəqib qolkiper son anda seyv etdi.
- Necə düşünürsən, debütdə bu cür pürformans səni daimi milliyə dıvət edilməyinə səbəb ola bilər?
- Hər şey özümdən asılıdır. Daim öz üzərimdə işləməliyəm ki, çatışmayan cəhətlərimi də aradan qaldırım.
- Qarşıda DÇ-2026-nın son görüşü, Fransaya qarşı oyun var. Bu qarşılaşma ilə bağlı nə düşünürsən? Rəqibin adını və futbolçularını fikirləşəndə, həyəcan yaranmırki?
- Fransa millisinin gücü hamıya məlumdur. Onların heyətində ulduz oyunçular yer alıb. Çətin matç olacaq. Lakin meydana çıxıb vuruşaraq, ən yaxşısını edəcəyik.
- Fransa ilə matçda səni də meydanda görəcəyik, yoxsa yorğunluq var?
- Fransa ilə matçda meydanda olub-olmayacağıma məşqçiıər korpusu qərar verəcək. Hansı hansı qərar verilsə, mən ən yaxşısını etməyə hazıram. Oyuna hazırlaşıram.
Mirbağırağa



