Finallisima-2026 ləğv olundu -    Argentina oynamaqdan imtina etdi

Finallisima-2026 ləğv olundu - Argentina oynamaqdan imtina etdi

 
0

Argentina və İspaniya milli komandaları arasında keçirilməli olan Finalissima-2026 Yaxın Şərqdəki münaqişə səbəbindən ləğv edilib.

Sportal.az xəbər verir ki, Avropa və Cənubi Amerika çempionları arasında oyun martın 27-də Qətərdə keçirilməli idi.

“UEFA ilə Qətərdəki təşkilatçılar arasında uzun müzakirələrdən sonra bu gün elan olundu ki, regiondakı mövcud siyasi vəziyyətə görə 2024-cü il Avropa çempionu olan İspaniya və Amerika Kubokunun qalibi Argentina arasında keçirilməli olan Finalissima martın 27-də, planlaşdırıldığı kimi, Qətərdə baş tuta bilməyəcək.

UEFA və təşkilatçılar üçün bu, böyük məyusluqdur. Çünki yaranmış şərait və vaxt məhdudiyyəti komandaların Qətərdə bu nüfuzlu mükafat uğrunda mübarizə aparmasına imkan vermədi. Qətər isə dəfələrlə sübut edib ki, ən müasir stadionlarda dünya səviyyəli beynəlxalq yarışlar keçirmək imkanına malikdir. UEFA oyunun təşkili üçün görülən işlərə görə Qətərin təşkilat komitəsinə və hakimiyyətinə xüsusi təşəkkürünü bildirir və regionda tezliklə sülhün bərpa olunacağına ümid etdiyini qeyd edir.

Bu vacib matçı xilas etmək üçün UEFA, belə böyük oyunun qısa müddətdə köçürülməsinin çətinliklərinə baxmayaraq, başqa variantları da nəzərdən keçirib. Lakin onların hər biri sonda Argentina Futbol Assosiasiyası üçün qəbuledilməz olub.

Birinci variant oyunun əvvəlcədən müəyyən olunmuş tarixdə - martın 27-də Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçirilməsini nəzərdə tuturdu. Tribunalarda azarkeş kvotaları 50/50 bölünəcəkdi. Bu, belə nüfuzlu hadisəyə uyğun dünya səviyyəli şərait yaradacaqdı, lakin Argentina bu təklifdən imtina etdi.

İkinci variant Finalissima-nın iki mərhələdə keçirilməsi idi: ilk oyun martın 27-də “Santyaqo Bernabeu” stadionunda, cavab oyunu isə 2028-ci il Avropa çempionatı və Amerika Kuboku ərəfəsindəki beynəlxalq pəncərə zamanı Buenos-Ayresdə baş tutmalı idi. Bu matçlarda da azarkeş kvotaları 50/50 bölünəcəkdi. Lakin bu variant da rədd edildi.

Nəticədə UEFA Argentinadan belə bir zəmanət istədi ki, Avropada neytral meydan tapılarsa, oyun planlaşdırıldığı kimi martın 27-də (18 dekabr 2025-ci ildə elan olunduğu kimi) və ya alternativ tarix — martın 30-da keçiriləcək. Bu təklif də qəbul olunmadı. Beləliklə, təəssüf ki, UEFA üçün bu Finalissima turniri ləğv olundu.

UEFA həmçinin oyunun təşkilində göstərilən dəstəyə görə “Real”a, Qətərin təşkilat komitəsinə və ölkə hakimiyyətinə səmimi təşəkkürünü bildirib. “Real” bu istiqamətdə xüsusilə qısa müddət ərzində böyük səy göstərib. Bundan əlavə, bütün proses boyunca təqdim olunan variantlara çevik yanaşdığı və uyğunlaşmağa hazır olduğu üçün İspaniya Kral Futbol Federasiyasına (RFEF) də təşəkkür ifadə olunub”, – UEFA-nın bəyanatında qeyd olunub.

PaylaşPaylaş

Şərhlər yüklənir...