
Çoxları real görmür, amma "Sabah" "Qarabağ"la çempionluq savaşına hazırlaşır - ikisi getdi, ikisi qalır, heyətə "əl gəzdirirlər"
Nəinki "Sabah"ın, "Qarabağ"ın olduğu liqada hər hansı klubun heç qış çempionluğu yaşaması inandırıcı gəlmirdi heç kəsə. Lakin "Sabah" bunu bacardı və qış fasiləsinə "Qarabağ"dan bir xal irəlidə yollandılar.
Hadisələrin bundan sonrakı gedişatı çox maraqlıdır. Futbol ictimaiyyətində "Qarabağ"ın çempionluğu əldən verəcəyinə inanan çox azdır. Demək olar ki, hamı o fikirdədir ki, başları Çempionlar Liqası oyunlarından açılan kimi, "Qarabağ" bütün gücünü Premyer Liqaya verib məsələni həll edəcək.
Amma "Sabah" öz işindədir. Rəhbərlik artıq indidən növbəti mövsümün hazırlıqlarına başlayıb. Letiç və Kupusoviç kimi şans qazanmayan legionerlərlə yolları ayırdılar. Umarali Raxmonaliyev və Maluda kimi əsas heyət üzvlərinin transfer hüququna yiyələndilər. Mövsüm bitən kimi, Simiçi də böyük ehtimalla "Sivasspor"dan alacaqlar.
Belə görünür ki, "Sabah" üçün əsas məqsəd sona qədər çempionluq mübarizəsindən qopmamaq olacaq. Finiş xətti ərəfəsində isə nə olar, nə olmaz. Futbol sürprizlərlə doludur. Dünya futbolunda sürpriz çempionluqlar az yaşanmayıb. Əslində, "Sabah" hal-hazırda sərgilədiyi oyunla liqanın iki ən güclü klubundan biridir. Sadəcə "Qarabağ" olan yerdə başqasının çempionluğu möcüzə kimi görünür. Amma yenə də sonunu gözləmək lazımdır. Futbolda hər şey olur.
Sportal.az



