
"Çox istəyərdim ki, "Kayzerslautern"in baş məşqçisi ilə görüşüm, söhbət edim" - Ayxan Abbasov Mahir Emreli haqda
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına açıqlama verib.
O, yığma komandamıza DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Fransa ilə görüşləri üçün yeni adların cəlb olunacağını söyləyib:
"Millidə yeni adlar olacaq. Bu gün ümumi seleksiya gedir, köməkçi məşqçilər bütün turlardakı oyunlara nəzarət edir, futbolçulara baxırlar. Xaricdə olan futbolçularımızla da daim əlaqədəyik. Klubları ilə sıx əlaqə qurmuşuq. Onların məşq performansı ilə maraqlanırıq. İndi bu vacib məsələdir. Azərbaycan çempionatında klub məşqçiləri ilə danışıram. Həqiqətən bizə kömək edən məşqçilər var. Milli komanda ilə klublar arasında əlaqə olmalıdır. Gələcəkdə də çalışacağıq ki, legioner məşqçilərlə də əlaqə quraq. Klub məşqçilərinin fikri mənim üçün önəmlidir. Çünki futbolçularla gündəlik ünsiyyətdə olanlar onlardır. Məsələn, Aydın Bayramovun "Zirə"nin son matçında meydana çıxması, Rəşad Sadıqovun milli komandanı düşünməsi deməkdir. Bunlar bizim üçün vacibdir. Hər kəs əl-ələ verməlidir. Klubları da da başa düşürəm, onlar da nəticəyə oynayır, hədəfləri var. İmkan olanda millini fikirləşmək, futbolumuzdakı birlik-bərabərliyi göstərir".
Abbasov milli komandamızın aparıcı oyunçularından olan Mahir Emrelinin "Kayzerslautern"dəki durumuna da münasibət bildirib:
"Mahir Emreliyə təzyiq çoxdur. Təəssüf ki, onun hər addımı müzakirə edilir. Klubu ilə danışırıq. Onun göstəriciləri ilə bağlı da söhbətimiz olub. Çox istəyərdim ki, "Kayzerslautern"in baş məşqçisi ilə görüşüm, söhbət edim. Qismət olar, müzakirə edərik. Mahir də xəstələnib. Onun da klubu ilə son görüşləri olub, ona şans vermək istəyirlər. Bu gün hər bir futbolçu bizim üçün dəyərlidir. Qarşıdakı tsikllərdə bu futbolçulara ehityacımız olacaq. Futbolçu qazanmaq çətinir, itirmək ondan da çətindir. Onlara kömək etməliyik. Bacardığımız qədər bütün futbolçularımıza dəstək oluruq".
Mirbağırağa



