Azərbaycan millisinin kapitanı: "Qrupdan çıxacağımıza çox inanıram" -    MÜSAHİBƏ

Azərbaycan millisinin kapitanı: "Qrupdan çıxacağımıza çox inanıram" - MÜSAHİBƏ

 
0

Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi Şimali Makedoniya ilə görüşdə 2:0 hesabı ilə qalib gəldi. Yəqin ki, bu cür nəticə olacağına inanırdınız? Qalib gələcəyinizi ehtimal edirdiz?

- Biz meydana qələbə üçün çıxmışdıq. Şimali Makedoniya heç vaxt qarşılaşmadığımız rəqib idi. Məşqçilərimiz rəqibi analiz edərək, bizə lazımı məlumatları almışdıq. Qələbə qazanmaq üçün mübarizə aparırdıq. Amma futboldur da, final fiti çalınmayana qədər arxayınlaşmaq olmaz. Çox sevinirəm ki, vacib olan üç xalı ilk oyunda qazana bildik.

- Bu matçda dubl etməyi bacardın. Performansın da yaxşı idi. Demək olar ki, Türkiyəyə yollanmağın əvvəlki performansını geri qaytarmağa kömək olub?

- Mən komandam üçün həmişə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bu, meydanda və meydandan kənarda da belə olub. Şimali Makedoniyaya qarşı görüş bir az daha fərqli və gözəl alındı. Hər bir halın müsbət təsiri ola bilər. Eləcə də, Türkiyədə oynamağımın və ya illərlə Rusiyada oynamağımın. Ancaq oyuna 3 ay qalmış Banqladeşdə toplanışımız baş verdi və bundan sonra mən artıq bu görüşlərə köklənib, hazırlaşmışdım. Həm beyin, həm də mental olaraq belə idi. Dincəlmirdim, öz üzərimdə çalışırdım. Allah heç bir çəkilən əziyyəti yerdə qoymur. Ümid edirəm ki, bu uğurlu çıxışın davamı digər görüşlərdə də gələcək. Dubl etsəm belə, burada bütün komanda üzvlərinin vəzifəsindən asılı olmayaraq əməyi və əziyyəti var. Bu nəticədə onların da payı var. Futbol komanda oyunudur və biz Şimali Makedoniya üzərində komanda olaraq qalib gəldik.

- Fasiləyə yollanarkən, Şimali Makedoniyanın qapıçısı ilə aranda mübahisə yaşandı. Orada nə baş vermişdi?

- Hər kəs gördü ki, o qız bilərəkdən üstümə qaçıb, belimdən vuraraq yerə sərdi. Məni provakasiyaya çəkirdi. O an əsəblərimi və sakitliyimi maksimum qorumağa çalışdım. Komanda yoldaşım buna haqlı etiraz etdi, ancaq komandamdan kiminsə sarı vərəqə almağını istəmədiyim üçün onu sakitləşdirdim. O an rəqib qapıçı qeyri-idman hərəkətini özünə qəhrəmanlıq kimi qəbul etmişdi. Hakim uzaqlaşdıqdan sonra qapıçıya bir neçə kəlmə söz dedim, haqq edəcəyi sözlərdir. O isə hakimə qaçaraq, mənim onun ailə üzvlərini təhqir etdiyimi söylədi. Mən də hakimə o, bunu bilərəkdən edir və deyir ki, siz mənə sarı vərəqə göstərəsiz dedim. Baş hakim də “sənin dediklərə inanıram” cavabını verdi. Düşünürəm ki, bəlkə də bu bir taktika idi. Çünki oyunda bir neçə dəfə yersiz yerə mənə qarşı kobudluq edirdilər, hakimin gözündən yayınanlar da oldu. Amma bu futboldur da, belə hallar olur.

- Matçın sonlarında bir az zədələndin. Macarıstan görüşünə yetişəcəksən, hazır olacaqsan?

- Əzələmdən zərbə aldım. Hazırda ağrılarım var. Allah qoysa, Macarıstanla oyunda meydanda olacam. Həkim və masajistlərimiz çox peşəkardır. Onlar həmişə bizi ən maksimum səviyyədə oyuna hazır etmək üçün əllərindən gələni edirlər.

- Ümumiyyətlə, Macarıstanla görüş haqda nə düşünürsünüz? O görüşdə də qələbə qazanmaq mümkündür? Ötən il onlarla qarşılaşmışdıq, hətta qol da vurmuşdun. Həmin görüşü xatırlayırsan yəqin..

- Bəli, xatırlayıram. Macarıstan fərqli rəqibdir. Heyətində Avropanın topl ölkələrinin klublarında forma geyinən oyunçular var. Səfərdə oynayacağıq, bizi çox çətin oyun gözləyir. Bunun da fərqindəyik. Təəssüf ki, əsas heyətin 4-5 oyunçusu bu toplanışda zədə səbəbindən iştirak etmir. Buna baxmayaraq, digər qızlarımız əlindən gələni edir ki, kiminsə yoxluğu hiss olunmasın. Əgər Macarıstanı məğlub edə bilsək, qrupda birinci yer uğrunda yerimizi xeyli möhkəmləndirə bilək. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olar. Yaxşı nəticə üçün mübarizə aparacağıq.

- Qrupda Macarıstan, Andorra və Şimali Makedoniya ilə mübarizə aparacağıq. Ümumilikdə bu qrupu başa vurmaq şansımız realdır, yüksək hesab edirsən?

- Bəzən əvvəlcədən proqnoz verməyi, danışmağı sevmirəm. Çünki futbolun acı tərəflərini də yaşamışam. Baxmayaraq ki, komandada itkilərimiz var. Ancaq qrupdan çıxacağımıza çox inanıram. Bildiyiniz ki, 1-ci pillə birbaşa çıxır, 2-ci yeri tutan ən yaxşı komandalar isə pley-off oynamaq şansı əldə edəcək. Çox istəyirik ki, uğurlu nəticələr qazanaraq, ölkəmizin adını və himnini daha çox ölkələrdə səsləndirəcəyik.

Mirbağırağa

PaylaşPaylaş

Şərhlər yüklənir...