
"11 il "Ayaks"da oynamışam, "Qarabağ"la matçda öz klubumu dəstəkləyirəm" - Azərbaycandakı niderlandlı
“Karvan-Yevlax”ın niderlandlı müdafiəçisi, “Ayaks”ın yetirməsi və sabiq futbolçusu Şakil Sno Sportal.az saytına müsahibə verib.
- “Karvan-Yevlax” son matçda “Şamaxı”ya uduzdu. Sizcə, məğlubiyyətin əsas səbəbi nə idi?
- Hesabda önə keçmək üçün böyük fürsətimiz var idi. Əgər hesabı 1:0 edə bilsəydik, əminəm ki, Yevlaxda üç xalı əldə edə bilərdik. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq və sonra oyun daha da çətinləşdi. Bundan sonra daha iki qol buraxdıq və uduzduq.
- Komanda hazırda sonuncu pillədədir. Sizcə, bu pillidən çıxa biləcəksiniz?
- Əlbəttə. Tam əminəm ki, bu çətin vəziyyətdən çıxacağıq. Mövsüm hələ uzundur və yüksəlmək üçün vaxt var.
- Komandada baş məşqçi dəyişikliyi oldu. Yeni məşqçi gələndən bəri nəsə dəyişib?
- Bəli, mütləq. Hər məşqçinin öz futbol fəlsəfəsi var və komanda daxilində işlər müsbət mənada dəyişib. Üç oyun uduzduq, amma iki dəfə həmişə çox çətin rəqib olan "Qarabağ"a qarşı oynamışdıq. O, yaxşı məşqçidir və əminəm ki, daha yaxşı günlər gələcək.
- Qış fasiləsinə qədər son iki oyununuz “İmişli” və “Neftçi”yə qarşıdır. Bu oyunlardan neçə xal toplaya bilərsiniz?
- Əgər bu iki oyundan ən azı dörd xal toplaya bilsək, bu, yaxşı nəticə olardı. Əlbəttə ki, altı xal uğrunda mübarizə aparacağıq və hər iki oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
- “Karvan Yevlax”ın Premyer Liqada qalmaq uğrunda mübarizəni “Kəpəz” və “Qəbələ” aparacaqsız?
- Bəli, “Karvan Yevlax” Premyer Liqada qalacaq.
- Yetirməsi olduğun “Ayaks” “Qarabağ”la qarşılaşacaq. Proqnozunuz nədir? Sizcə, “Qarabağ” “Ayaks”ı məğlub edəcək?
- Matç hər iki tərəfə də gedə bilər. Hər iki komanda yaxşı futbol oynadığı üçün xoş matç olacaq. Düşünürəm ki, matç heç-heçə ilə bitəcək. Mən “Ayaks”ı dəstəkləyirəm. Çünki Amsterdamda doğulmuşam, 11 il “Ayaks”da oynamışam. Ona görə də əlbəttə ki, öz klubumu dəstəkləyirəm.
- Oyunu izləmək üçün Bakıya gələcəksiniz? Hazırda "Ayaks"da oynayan dostlarınız və ya tanışlarınız var?
- Niderland televiziyası məni stadionda canlı oyunöncəsi yayıma qoşulmağa dəvət etmişdi. Amma təəssüf ki, öz məşqlərimə görə qatıla bilmirəm. Mingəçevirdə yaşayıram və bura Bakıdan çox uzaqdadır. Hazırkı heyətdən çoxunu şəxsən tanımıram. Amma Branko van den Bumen və Kasper Dolberqlə birlikdə oynamışam. Həmçinin keçmişdə birlikdə işlədiyim baş məşqçi Fred Qrimlə də çox yaxşı münasibətim var.
Mirbağırağa



