Emin Mahmudov yenə baş rolda -    Samir Abasov sarğını yiyəsinə qaytardı

Emin Mahmudov yenə baş rolda - Samir Abasov sarğını yiyəsinə qaytardı

 
0

"Neftçi" dəyişir. Əslində, "yenə dəyişir" yazmaq daha doğru olardı, çünki son illərdə hər transfer pəncərəsi zamanı belə hala rast gəlirik. Tək "Neftçi"də yox, elə əksər klublarımızda bu mənada mənzərə oxşardı. Amma bu dəfə "Neftçi" mütləq dəyişməli idi. Əvvəlki sınıq-salxaq heyətlə ciddi nəyəsə ümid etmək ağılsızlıq olardı.

Ən əsası odur ki, Samir Abasov bu heyəti özününkü hesab edir, bunun məsuliyyətini daşımalı olduğuna qəbullanır. Xeyli səviyyəli futbolçu transfer edilib. Kimin necə uyğunlaşacağı, "Neftçi"yə nə vaxt alışacağı zamana bağlı məsələdir və 4-5 turdan sonra ilk təəssüratları çatdırmaq mümkün olacaq.

Hələ ki digər, bəlkə də ən vacib məsələyə toxunmaq istəyirik. Samir Abasov çox doğru, hətta fədakar addım atıb Emin Mahmudova kapitanlıq sarğısını qaytardı. Mövzunun dərinliyini bilməyənlərçün adi gələ bilər, yuxarı-aşağı bazubəndin təcrübəli futbolçuya qaytarılmasından gedir söhbət. Əslində, Emin Mahmudovla bağlı durum çox mürəkkəb vəziyyət almışdı. Amma başa qayıdıb suları bulandırmağa ehtiyac görmürük. Futbolda zaman-zaman belə hadisələr yaşanır. Çox şükür ki, Emin Mahmudov kimi bir dəyərli oyunçu həm millidə, həm də "Neftçi"də səhnədən silinmədi.

Eminlə bağlı məsələdə Samir müəllimin haqqını vermək lazımdı. Məhz onun gəlişindən sonra Mahmudov oynamağa başladı, mövsümün axırlarında özünə bənzədi. Abasovu kapitanlıq mövzusunda çox qınayırdıq. Görünən odur ki, elə sadə olmayan məsələni çözmək üçün ona da zaman lazımıydı. Əhsən, Samir müəllim. Emin Mahmudovun üzərinə düşən bu mövsüm həm simvolu olduğu "Neftçi", həm də ona görə fədakarlıq edən məşqçisi Samir Abasov uğrunda döyüşməkdir!

Həmid

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.