Avropa çempionu olan millimizin sabiq üzvü: "Bizim vaxtımızda belə şeylər yox idi"
"Millimizdən Bəhreynlə görüşdə gözləntilər böyük idi. Azarkeşlər qalibiyyət gözləyirdilər. Amma alınmadı. Ola bilər ki, ilk oyun olduğu üçün stress var idi. Milli öz azarkeşlərimizin qarşısında oynayırdı. Hər halda, ilk görüş idi. Ümidvaram ki, növbəti görüşlər uğurlu alınacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında minifutbol üzrə millimizin heyətində Avropa çempionu olmuş Davud Kərimi deyib. O, yığma komandamızın Bakıdakı dünya çempionatındakı növbəti iki görüşdə uğurlu çıxışına inandığını bildirib. Bununla yanaşı, Kərimi millimizin ilk görüşdə bütün kartları açmamaq üçün tam gücü ilə oynamadığı fikri ilə tam razılaşmayıb:
"Ola bilər ki, elə olsun. Amma bizim vaxtımızda belə şeylər yox idi. Zəif oynayanda da, hesab böyük olanda da, baş məşqçi kiməsə dincəlməsi üçün zaman verirdi. Ancaq nəyisə saxlamaq filan fikri olmurdu. Mən inanıram ki, futbolçularımız yığışacaq və qarşıdakı iki oyunu da udacaqlar. Öz azarkeşlərimizin qarşısında buna borcludurlar. İnanın ki, çox komanda bu turnirə ciddi hazırlaşır. Bütün oyunları izləməyə çalışıram. İlk turda milimizin rəqibi olan Bəhreyni qeyd edərdim. Çox gözəl müdafiə olunurdular".