
Uşaq komandasını çalışdırmış məşqçi 37 ildən sonra cinsi zorakılıqda ittiham olundu
“Seltik" keçmiş məşqçi tərəfindən törədilmiş cinsi zorakılıq işi üzrə zərərçəkənə təzminat ödəyərək işi başlanmasından bir ay sonra məhkəmədənkənar qaydada həll edib.
Sportal.az xəbər verir ki, adı hüquqi səbəblərə görə açıqlanmayan kişi iddia qaldıraraq “Seltik”in uşaq komandasının məşqçisi Frank Kairni tərəfindən zorakılığa məruz qaldığını bildirib.
Hazırda 90 yaşı olan Kairni daha əvvəl 1980-ci illərdə gənc futbolçulara qarşı zorakılıqla bağlı doqquz epizod üzrə təqsirli bilinmiş və 2019-cu ilin fevralında 4 il həbs cəzası almışdı. Sonradan dinləmələr zamanı onun 1978–1989-cu illər arasında daha üç oğlana qarşı da qeyri-etik hərəkətlər etdiyi müəyyən olunub.
Zərərçəkən bildirib ki, hadisədən sonra səlahiyyətli orqanlara müraciət etsə də, şikayətinə vaxtında reaksiya verilməyib. Məhkəməyə təqdim olunan sənədlərdə onun 1989-cu ildə cinsi zorakılığa məruz qaldığı qeyd olunub.
Onun sözlərinə görə, belə halların təsiri əsasən psixoloji olur və uzun illər davam edən utanc hissi ilə mübarizə aparmaq məcburiyyətində qalıb. Eyni zamanda o bildirib ki, əldə olunan razılaşma sayəsində nəhayət səsinin eşidildiyini hiss edir və başqalarını da ədalət uğrunda mübarizədən vaz keçməməyə çağırıb.
Əvvəlcə “Seltik” məsuliyyətini inkar edərək uşaq klubu ilə bağlı olmadığını və ayrı qurum olduğunu bildirsə də, sonda məhkəmədənkənar razılaşma çərçivəsində ödəniş etməyə razılaşıb.



