"Səviyyəli futbolçular, maliyyə, şərait, işıqlandırma, çəkiliş..." -    Qurban Qurbanovun dediyi kimi olması üçün

"Səviyyəli futbolçular, maliyyə, şərait, işıqlandırma, çəkiliş..." - Qurban Qurbanovun dediyi kimi olması üçün

 
0

Ölkə çempionatı hər nə qədər mübarizəli keçsə də, ümumi səviyyənin yuxarı olduğunu deyə bilmərik. Komandalar daha çox qapalı oynayır, hakimlər tez-tez oyunu tempini öldürürlər. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa ilə ayaqlaşmaq üçün matçların daha sürətli keçməsinin vacibliyini qeyd edib.

Məsələ ilə bağlı milli komandamızın baş məşqçisi Ayxan Abbasovun fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən mütəxəssis bunun bir neçə faktordan asılı olduğunu dedi:

"Hamımız istəyərik ki, sürət yuxarı olsun. Amma oyunlarda tempin aşağı olması müxtəlif səbəblərlə əlaqəlidir. Məsələn, əvvəlki illərdə Saşa Stamenkoviçin bilərəkdən uzanıb yerdə qalmasına etiraz eləmişik. Lakin bəzən futbolçulardan tempin yüksək olmasını tələb edəndə, buna uyğun şərait də olmalıdır. Oyun günorta saatlarında sintetik meydançada keçirilirsə, tempin aşağı düşməsi qaçılmazdır.

Dünən "Qarabağ"la oyunda mən də görürdüm ki, futbolçular yorulur, rəqibin sürəti ilə ayaqlaşa bilmir, ona görə də açıq futbol oynamağımız mümkün deyildi. Amma mən yerdə qalan futbolçuları əvəzlədim ki, ikinci dəfə meydana girib eyni halla üzləşməsinlər. Düşündüm ki, kənardan da yaxşı görünməz.

Məsələn, "Qarabağ" - "Sabah" oyunlarında başqa temp olur, çünki hər iki komandanın heyətində səviyyəli futbolçular var. İspaniyada da "Real" Madrid - "Barselona" oyunu başqa ab-havada keçir, "Real"ın hansısa aşağı yerdə gedən komandayla oyun tam başqa cür alınır. Bizim kimi komandalar "Qarabağ"a qarşı açıq oynaya bilməz. Çünki 6-8 qol da buraxa bilərik belə oynasaq.

Tempin düşməsində hakimlərin də rolu var. Bəzən xırda epizodlar olur ki, buna hər dəfə fit çalınmasının qəti əleyhinəyəm. Amma ümumi keyfiyyətin artması üçün səviyyəli futbolçular, maliyyə, şərait, işıqlandırma, çəkiliş şərtdir. Burada hər şey bir-birinə bağlıdır. Amma Qurban müəllim haqlıdır ki, temp nə qədər yüksək olarsa, çempionatın səviyyəsi də yüksələcək".

PaylaşPaylaş

Şərhlər yüklənir...