
Paytaxt klubu futbolçusuna 12 oyunluq cəza verilə bilər - hakimi təhqir etdiyinə görə
"Atletiko"nun hücumçusu Anxel Korrea bu gün La Liqanın 27-ci turunda "Xetafe"yə qarşı keçirilən oyunun 88-ci dəqiqəsində rəqibə qarşı sərt oynadığı üçün qırmızı vərəqə alıb.
Sportal.az xəbər verir ki, 2:1 hesabı ilə "Atletiko"nun məğlub olduğu matçda oyundan qovulduqdan sonra Korrea hakim Kuadra Fernandesə təhqiredici ifadələr işlədib. Hakim isə bu sözləri protokola daxil edib.
İspaniya Futbol Federasiyasının Ümumi Reqlamentinin 94-cü maddəsinə əsasən, "hakimi, onun köməkçilərini, dördüncü hakimi, direktorları və ya idman qurumlarını təhqir etmək, hücum etmək və ya onlara qarşı kobud ifadələr işlətmək, əgər daha ağır qayda pozuntusu qeydə alınmayıbsa, 4-dən 12 oyunadək diskvalifikasiya ilə cəzalandırılır."
Qeyd edək ki, ən minimal cəza verildiyi halda belə, Korrea həm La Liqada, həm də İspaniya Kubokunda "Barselona"ya qarşı iki oyunu buraxa bilər.



