"Nəticə olmadıqda, gənclərə şans verilməsinin tərəfdarıyam" -    Saşa İliç

"Nəticə olmadıqda, gənclərə şans verilməsinin tərəfdarıyam" - Saşa İliç

 
0

Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Sumqayıt" doğma meydanda "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb:

"Şamaxı"ya qarşı oyunumuz hər zaman çətin olur. Şanslarımız var idi. Lakin istifadə edə bilmədik".

- Futbolçular sanki oynamaq istəmirdilər. Bunu sizə qarşı birləşmə kimi qələmə vermək olarmı?

- Fikrimcə, oyunçular sona qədər mübarizə apardılar. Düşünmürəm belə bir şey olsun. Bu gün digər məğlub olduğumuz matçlara baxanda daha yaxşı oynadıq. 9 oyundur qələbə qazana bilməməyimizin səbəbini bilmirəm. Avrokuboklar şansımız azaldığına görə bundan sonrakı oyunlarda akademiyamızın gənc oyunçularına da şans verəcəyik.

- Əvvəlki çıxışlarınızda da bildirmişdiniz ki, klub rəhbərliyinin qərarıdır gənc futbolçuları oynatmaq. Penalti vurmaq məsələsində də futbolçuların özlərinin meydanda qərar verdiyini bildirmişdiniz. Bu bir baş məşqçi kimi sizin mövqeyinizdən nə dərəcədə düzgündür?

- Penalti məsələsində ötən matçda Səbuhinin vurmasını mən istəmişdim. Lakin sonradan özü zərbəsinin yaxşı olmadığını əsas gətirərək meydanda Rossiyə topu ötürmüşdü. Bu məsələ mənim nəzarətim altındadır. Klub rəhbərliyi ilə bağlı məsələyə gəldikdə isə, strategiyanın klub rəhbərliyi tərəfindən verilməsi normal bir haldır. Nəticə olmadıqda, gənclərə şans verilməsinin tərəfdarıyam. Çempionata yaxşı başlamışdıq. Ancaq daha əvvəldən bilirdik ki, bizə bir müddət sonra yeni futbolçular lazım olacaq. Qış transferindən sonra da transfer məsələsi istədiyimiz kimi olmadı və nəticədə də belə məğlubiyyətlər almağa başladıq.

- Mövsümün sonunda bu gedişlə komandadan ayrılmaq məsələsi barədə düşünmüsünüzmü?

- Müqaviləm var. Mən bu barədə düşünməmişəm. Əsas fokuslanmışam ki, bu mövsümü "Sumqayıt"ın layiq olduğu yerlərdə bitirək. Mövsümün sonunda bu barədə danışarıq.

PaylaşPaylaş

Şərhlər yüklənir...