
"Mançester Siti"nin futbolçusu saxta xəbərlərlə bağlı hüquqşünaslara müraciət edəcək
Fil Foden ailəsi haqqında yayılan saxta xəbərlərlə bağlı hüquqşünaslara müraciət edəcək. Əvvəllər sosial şəbəkələrdə Fodenin 6 yaşlı oğlu Roninin guya vəfat etməsi və 4 yaşlı qızı Tru-nun onkoloji xəstəliyə tutulması barədə məlumatlar yayılmışdı. Həmçinin “Mançester Siti”nin yarımmüdafiəçisinin guya baş vermiş faciə ilə bağlı saxta sitatları və neyroşəbəkələr tərəfindən yaradılmış ağlayan Foden və onun sevgilisi Rebeka Kukun şəkilləri paylaşılmışdı.
Sportal.az xəbər verir ki, "Daily Mail"in məlumatına görə, hazırda Fodenlə əməkdaşlıq edən hüquqşünaslar komandası bu yalan məlumatların platformalardan silinməsi üzərində işləyir.
“Bu hekayələri yayan səhifə və hesabları bilirik. Bunlar tamamilə uydurmadır və narahatlıq doğurur. İnsanların kiminsə, xüsusilə uşaqlar haqqında belə şeylər uydura bilməsini anlaya bilmirəm. Bu, iyrəncdir.
Şükürlər olsun ki, bizdə hər şey qaydasındadır və qayğınıza görə təşəkkür edirik. Biz bu vəziyyəti dayandırmaq üçün əlimizdən gələni edirik. Zəhmət olmasa, belə saxta məlumatlar və paylaşımlar gördükdə, onlar haqqında şikayət edin,” – deyə Fodenin sevgilisi sosial şəbəkədə yazıb.



