
"Litvanın 19 yaşlı futbolçuları "Latsio", "Valensiya" "Monako" da oynayır, bizdə isə..." - Aftandil Hacıyev
Litva yığması Millətlər Liqasında D divizionunda bizə rəqib olacaq. Millimizin baş məşqçisi Ayxan Abbasovun qarşısında qoyulan tələb həm Litvanı, həm də Lixtenşteyni üstələyərək yığmamızı C divizionuna qaytarmaqdır.
Bütün diqqətlər əsas millimizə yönəldiyi halda aşağı yaş üzrə yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edib. Həm U-17, həm də U-19 millimiz Litvaya rəqib olub. U-17 yığmamız Bolqarıstan, Litva, Malta yığmaları ilə heç-heçə edərək, 3 xalla qrup 3-cüsü olub, mübarizəni dayandırıb. 19 yaşlılar isə bərbad çıxışla yadda qalıb. Şimali İrlandiyaya 1:2 hesabıyla uduzan yığmamız, Litvadan 4 cavabsız qol buraxıb.
Gənclərimizin Litva qarşısında belə aciz görünməsinin səbəblərini müəyyənləşdirmək məqsdilə "Qarabağ" Futbol Akademiyasının rəhbəri Aftandil Hacıyevlə əlaqə saxladıq. Sportal.az saytına danışan təcrübəli mütəxəssis bəzi məqamlara aydınlıq gətirdi:
"U-19 yığmamızın belə pis nəticəylə üzləşməsinə şərh verməyim doğru olmaz. Amma Litva ilə Azərbaycan arasında bu yaş qrupunda olan yığmaların səviyyəsini müqayisə etsək, geriliyimizin səbəblərini görə bilərik.
Litvanın 19 yaşlı futbolçuları "Latsio", "Valensiya", "Monako" "Cenoa", "Vest Hem" kimi klubların müvafiq yaş komandalarında çıxış edirlər. Digərləri arasında isə Litva Topliqasında çıxış edənlər var. Bizdə isə U-19 milli üzvləri arasında Premyer Liqada oynayan bir nəfər belə futbolçumuz yoxdur.
Yəni, onlarda artıq erkən yaşlardan böyük futbola ayaq açır gənclər. Bizdə bu baxımdan da problemlər var. Gənclərin peşəkar futbola keçməsində ciddi sıxıntılar yaşanır. Məncə, elə bu müqayisədə geri qalmağımızın səbəbini anlamaq olar"



