
Kadi Borges, yoxsa Joni Montiel? - Qurban Qurbanov Çempionlar Liqası üçün seçim etməlidir
Çempionlar Liqasında "Çelsi" ilə oyunda zədələnən Kadi Borgesin yerinə iştirak ərizəsinə Joni Montielin adı daxil edilib.
Lakin Kadi sıraya qayıdıb və artıq komanda ilə məşqlərə də başlayıb. Belədə ortaya sual çıxır ki, "Ayntraxt" və "Liverpul"la oyunlarda Kadi, yoxsa Montiel iştirak edəcək?
Qaydalara görə, zədə səbəbindən siyahıdan çıxarılan futbolçunun adı 60 gündən sonra yenidən iştirak ərizəsinə salına bilər. Bu, matçın başlamasına 24 saat qalmışa qədər mümkündür. Onu da qeyd etmək vacibdir ki, siyahıya qaytarılan futbolçu yalnız onu əvəzləmiş oyunçunun yerinə dönə bilər.
Konkret Kadi ilə bağlı duruma gəlincə, onun 60 günü yanvarın 19-da tamam olacaq. Bu tarix onun Çempionlar Liqaında "Ayntarxt"la vacib oyunda iştirak etməsinə imkan verir. Oyun 21-də olacaq. Qalır Qurban Qurbanovun hansı qərar verməsi.
Yəqin ki, təcrübəli mütəxəssisin qərarına həmin ana futbolçulardan hansı birinin daha hazırlıqlı olması təsir edəcək. Müqayisədə götürsək, Kadinin "Qarabağ"da avrokubok təcrübəsi daha böyükdür. Montiel yalnız "Ayaks"la matçın sonlarında meydanda olub.
Kadi o vaxta qədər heç olmasa, 70-80 faiz hazır olsa, Qurban Qurbanovun qərarı onun xeyrinə ola bilər. Nəzərə almaq lazımdır ki, uzun müddət zədədən əziyyət çəkən Montielin özü də qış fasiləsi ərəfəsində zədələnmişdi. Amma ispan qısa müddətdə elə performans sərgiləyib ki, ondan da vaz keçmək asan deyil. İstənilən halda Qurban Qurbanovu çətin qərar gözləyir.
Həmid



