
"Əlimizdən gələni edəcəyik ki, Portuqaliya görüşdən pozitiv nəticə ilə ayrılaq" - Rəşad Eyyubov
U-21 yığma komandamızın baş məşqçisi Rəşad Eyyubov AVRO-2027-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunundan əvvəl jurnalistlərə danışıb.
Sportal.az xəbər verir ki, gənc məşqçi sabahkı görüşdə yığmamızın əsas hədəfini açıqlayıb.
- Sabah Portuqaliya kimi güclü rəqiblə oynayacaqsız. Belə matça futbolçuları hazırlamaq nə dərəcədə çətin və ya asandır?
- Bizim üçün çətin olan bilirsiz nə idi? Bəzi oyunçularımız Əvəzedici Liqada oynayır. Bəziləri isə I Liqa və Premyer Liqada. Ən böyük çətinlik o idi ki, biz fiziki baxımından necə balans tapaq ki, hamı eyni kondisiyada olsun. Birinci çətinlik bu idi. Fiziki baxımdan bu oyuna tam hazırıq. İkinci məsələ, taktiki məsələdir. Bu baxımdan da qısa müddət ərzində futbolçulara maksimum məlumat ötürməyə çalışdıq. Bircə qalır, mental məsələ. Bu da futbolçuların özlərindən asılıdır. Mən daim futbolçulara deyirəm ki, özünüzə inanın, hədəflərinizi maksimum qoyun. Sadəcə sözlə yox, bunu əməllə meydançada göstərmək lazımdır.
- Bu oyunda Azərbaycan yığmasının əsas məqsədi nədir, mümkün qədər böyük hesabla uduzmamaq, yoxsa heç-heçə etmək?
- Həmişə səmimiyəm. Deyə bilərəm ki, bizim əsas məqsədimiz oyunçularımızı A milliyə hazırlamaqdır. Çünki bura U-21 yığmasıdır. Çox vacib məsələ odur ki, oyunçular pozitiv təcrübə alsınlar və növbəti addımı atanda, onlar mental olaraq qələbələrə hazır olsunlar. Fərqi yoxdur, biz Portuqaliyaya qarşı oynayırıq, yoxsa başqa milliyə. Heç bir rəqib qələbəni bizdən çox istəyə bilməz.
- Deyirlər ki, zaman hər şeyin dərmanıdır. Sizcə, ilk dövrədəki 0:5 hesablı məğlubiyyətin izi futbolçularda qalmayıbki? Hər halda, ağır məğlubiyyət olub..
- Əlbəttə, belə məğlubiyyətlər yaddaşdan silinmir, oyunçular bunu dərk edirlər. Biz bu barədə də danışmışıq. Əlimizdən gələni edəcəyik ki, Portuqaliya görüşdən pozitiv nəticə ilə ayrılaq.
- Rüfət Abbasov U-21 yığmasındadır, Xəyal Əliyev isə əsas millidər. Ayxan Abbasovla danışığınız necə oldu? Xəyal Əliyev Bolqarıstan səfərində sizə qoşula bilər?
- Prioritet əsas millidir. Biz də oyunçuları ora üçün hazırlayırıq. Əlbəttə ki, Xəyal bizim üçün çox önəmli futbolçudur. Görürsüz ki, bizdə hücumda bəzi problemlər var idi. Ağadadaş Salyanski çox az dəqiqələr alır. Bəzi oyunçuları başqa mövqelərdə oynatmaq məcburiyyətindəyik.
- "Sabah"a məxsus olsa da, "Araz-Naxçıvan"ın qapısını icarə əsasında qoruyan Süleyman Həsənov geniş siyahınıza daxil etmişdiniz?
- Əlbəttə ki, onun barəsində məlumatlımız var. Geniş siyahımızda 100-dən çox oyunçu var. Bütün oyunçuları izləyirik. Süleyman da o siyahıdadır. Sadəcə indiki halda daim Premyer Liqada dəqiqə alan Xəyal Feyzullayev var. Səlim Həşimov da keçən il yaxşı çıxış edib. Sadiq Ramazanov da I Liqada oynayır, çox perspektivli qolkiperdir. Qapıçılar çoxdur. Gələcəkdə də rotasiyalar ola bilər.
- Oyun adətən axşam saatlarında olur. Bu oyunun 15:00-da keçirilməsi hazırlığınıza təsir göstərdi?
- Xeyr. Oyunçuların çoxu bu vaxtlarda oynamağa öyrəşib.
Mirbağırağa



