
"Avrokuboklarda da uğurlu olmaq niyyətindəyik" - ölkə çempionu olan klubun baş məşqçisi
"Zirə" minifutbol komandasının baş məşqçisi Seymur Məmmədov ölkə çempionluğunu qazandıqdan sonra Sportal.az saytına müsahibə verib.
"Çempionluğa görə sevinirik. Neçə illərdir bu yola çıxmışdıq, bu yolu gedirdik. Allah bizə o qələbəni bu gün qismət etdi".
- Futbolçu kimi qazana bilmədiyiniz çempionluğu baş məşqçi kimi qazandınız. Nəyi dəyişdiz?
- Demək olar ki, heç nəyi dəyişmədim. Qələbə Allahdandır. Allah bu günü nəsib etdisə, belə də oldu.
- "Birbaşa Bakı" üzərində finalda böyük hesablı qələbə gözlənilən idi?
- Deməzdim ki, sürpriz oldu. Amma həm də deməzdim ki, qələbəni bu hesabla gözləyirdim. "Birbaşa Bakı" tək Azərbaycanda yox, dünyada sayılıb-seçilən komandalar,ən güclülərdəndir. Hətta Çempionlar Liqasını da qazanıb. Onlara qarşı oynamaq, onları udmaq sevinclidir.
- Bir neçə il idi ki, "Birbaşa Bakı"nın minifutbol çempionatında dominantlığı var idi. Bunu dayandıra bildiz. Bəs, "Zirə"nin yeni dominant olması realdır?
- Çalışacağıq ki, bu, birinci və axırıncı olmasın. Davamını gətirmək istəyirik. Tək Azərbaycan çempionatı ilə kifayətlənmək istəmirik. Avrokuboklarda da uğurlu olmaq niyyətindəyik.
- "Birbaşa Bakı" Çempionlar Liqasını qazana bilib. Sizin bu cür hədəfiniz var?
- Çempion olmasaydıq da, Çempionlar Liqasını qazanmağa gedəcəkdik. Növbəti hədəf bu olacaq.
Mirbağırağa



