
İndi də Özbəkistana həsədlə baxarıq - onlar dünya çempionatına gedir, biz isə...
Futbolda gürcülər qədər ola bilməməyimizin üzüntüsünü yaşadığımız vaxtda daha bir həsəd aparacağımız xəbər aldıq - Özbəkistan dünya çempionatına vəsiqə qazandı!
Çoxdanların bir filmi var idi, adını unutmuşam. Oyun masasını təsvir eləyən köhnə qumarbaz vacib məqamdan danışır. Deyir, 5 nəfərlik kart oyununda ilk yarım saatda aranızda ən zəif bəndi müəyyənləşdirməlisən, əgər bunu edə bilmirsənsə, deməli, masanın ən zəif oyunçusu olan həmin adam sən özünsən!
Acı həqiqəti qəbul eləməliyik. Futbol oyun masasının ən zəiflərindən biri bizik. Az qala dünyanın hər yerində futbol oynamağı öyrəniblər, biz hələ də inkişaf edə bilməməyimizə səbəb axtarırıq.
Bu gedişlə onun-bunun uğuruna hələ çox həsəd aparacağıq. İllər keçir, futbol irəli gedir. Biz də dayanmışıq, elə hey baxırıq gedənlərin dalınca.
Nə isə... Onsuz da yaxın 5-10 ildə bir şey olası deyil. 2000-ci illərin əvvəllərində 10 illik dövlət proqamı boşa verildi AFFA tərəfindən. İndi də adı olub, amma heç cür ortaya çıxmaq bilməyən inkişaf strategiyası ümidi ilə yaşayarıq.
Biz ümidlə yaşamağımızda olaq, başqaları nəticə qazanmaqlarında!
Həmid