
AFFA-nın baş katibi: "Qərar qəbul edəndə bilirdik ki, qarşımıza problemlər çıxacaq"
AFFA-nın baş katibi Cahangir Fərəcullayev milli komandamızın Latviya ilə səfər matçından öncə jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az baş katibin fikirlərini diqqətinizə çatdırır:
- Komandadan məzmunlu oyun gözləyirik. İstərdik ki, milli qələbə qazansın. Ümid edirəm yaxşı olacaq.
- Bu oyunun DÇ-2026-nın seçmə mərhələ matçlarına hansı faydası olacaq?
- Vacib oyundur. Rəsmi matçlara hazırlaşmaq üçün yaxşı fürsətdir. Təlim-məşq toplanışı yaxşı əhval-ruhiyyədə keçir. Məncə, yoxlama oyunları üçün düzgün komandalar seçmişik. Nəticəsi yaxşı olmalıdır.
- Baş məşqçi Fernandu Santuşla söhbətləriniz olur?
- Təbii ki, olub. Komandadan yaxşı, məzmunlu oyun gözləyir. Müəyyən yeni gedişlər olacaq. Baş məşqçi komandasına güvənir. Biz də həmçinin.
- AFFA-nın yeni strategiyası ilə bağlı işlər nə yerdədir?
- Sakitlik deyil, daxildə işlər gedir. Son həftələrdə strategiyanın icra qrupu yaradılıb. Artıq bu qrupda iki nəfər işləyir. Artıq bir çox işlər başlayıb. İnfrastruktur, uşaq futbolu ilə bağlı müzakirələr gedir. Kənardan sakitlik kimi görünə bilər. Amma daxildə ciddi iş gedir. Yaxın zamanlarda bütün nəticələrini hamımız görməyə başlayacağıq.
- Tahir Süleymanov AFFA-ya hansı təklif vermişdi? Bununla bağlı işlər nə yerdədir?
- Tahir müəllimlə görüşdük. Onun hansı istiqamətdə işləmək istədiyi müzakirə olundu. Növbəti görüş də olmalıdır. Tahir müəllim həmin görüşə konkret təkliflə gəlməlidir ki, işimizi davam etdirək.
- Premyer Liqaya yüksələn "Karvan" və "İmişli" ev oyunlarını harada keçirəcək?
- Premyer Liqada komanda sayının 10-dan 12-yə yüksəldilməsinin gözlənilən problemi idi. Qərar qəbul edəndə bilirdik ki, qarşımıza problemlər çıxacaq. Hər iki klubla danışıqlar gedir. AFFA bütün gücü ilə onlara köməklik göstərməyə çalışır. Yaxın günlərdə bununla bağlı inkişafı görəcəyik.
- Əvəzedicilər liqası ləğv olunacaq?
- Bu tip şeylər daim müzakirə olunur. Hazırda heç bir qərar yoxdur.
- İnfrastruktur və uşaq futbolu ilə bağlı hansı işlər başlayıb?
- İlk addımları hansı istiqamətdə atmalı olduğumuzu müəyyənləşdirməliyik. Daxildə bəzi məqamlar artıq aydındır. Həm Bakıda, həm də regionlarda liqaları keçirmək üçün şərait yoxdur. Prioritet istiqamətləri seçməliyik. Planlaşdırma çox vacibdir. Bu, bir dəfəlik layihə deyil. Ən azı 4-5 ili əhatə edəcək layihədir. Hazırda planlama, büdcə işləri gedir. Uşaq futbolunda problemlərdən biri liqalardır. Yeni formatda keçirməyə çalışırıq. Regionlardan olan komandaların bu işə daha ciddi cəlb olunması nəzərdə tutulur.
- İcraiyyə Komitəsinin iclası gözlənilir?
- İyunun sonu, iyulun əvvəli gözlənilir. AFFA daxilində bəzi işlərin yekunlaşması lazımdır. İcraiyyə Komitəsində olan üzvlər də bu işlərlə tam tanış olandan sonra görüş baş tutacaq.