
15 qolun vurulduğu oyunda veteranlar jurnalistlərə qalib gəldi - FOTOLAR
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib.
Sportal.az xəbər verir ki, belə tədbirlərdən birində isə “QOLAT Sport Services & Football Agency” şirkətinin təşkilatçılığı ilə idman jurnalistlərindən ibarət komanda Azərbaycanın futbol veteranları ilə qarşılaşıb. Sabiq FİFA referisi Anar Salmanovun və gənc hakim Toğrul İbadovun idarə etdiyi dostluq matçı veteranların 10:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçdan sonra çıxış edən veteranlar komandasının üzvü Mahmud Qurbanov media nümayəndələrini yubiley münasibətilə təbrik edib: "Maraqlı qarşılaşma oldu. "QOLAT" şirkətinə təşəkkür edirik ki, bu cür tədbir həyata keçirib. Jurnalistlər cəmiyyətin çox önəmli təbəqəsidir. İdman mediası bu fonda xüsusi ilə seçilir".
Futbol mütəxəssisi Tərlan Əhmədov da media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, onlara bol yaradıcılıq uğurları arzulayıb: “Maraqlı qarşılaşma oldu. “QOLAT” şirkətinin təşəbbüsünü alqışlayırıq. Futbolun inkişafı istiqamətində işlər görmək və bunun ictimaiyyətə çatdırılması baxımından medianın rolu kifayət qədər böyük və əhəmiyyətlidir”.
“QOLAT Sport Services & Football Agency”nin direktoru Səid Bağırov isə çıxış edərək peşə bayramını qeyd edən bütün mətbuat işçilərini təbrik edib, fəaliyyətlərində uğurlar diləyib: "Çox möhtəşəm tədbir oldu. Veteranlara və mediaya iştiraka görə təşəkkür edirik. Hesab edirəm ki, media Azərbaycanda da futbolun, oyunçuların, futbol ictimaiyyətinin populyarlaşmasında böyük təsir qüvvəsinə malikdir. Biz də öz çərçivəmizdə belə bir təşəbbüslə çıxış edərkən hər şeyin möhtəşəm olacağını təsəvvür edirdik, meydanda maraqlı mübarizə getdi".
Qeyd edək ki, “QOLAT Sport Services & Football Agency” dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir. Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır. Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu FİFA Agentliyi xidmətidir.